CƏMİYYƏT
“Mühafizəçi” kursunun ilk qrupu üzrə təlimlər başlayır
Bakı, 3 avqust, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ilk qrupu üzrə müsahibə mərhələsi yekunlaşıb. Müsahibədən uğurla keçən namizədlər kursda iştirak haqqı qazanıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “GESCO” ASC ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq kursa indiyədək 148 şəxs müraciət edib. Müsahibə mərhələsində namizədlərin psixoloji durumları, sağlamlıq vəziyyətləri, iş bacarıqları əsas götürülür.
Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.
Kurs zamanı iştirakçılara Bakı Peşə Hazırlıq Mərkəzində nəzəri, “GESCO” ASC-də isə praktiki biliklər öyrədiləcək. Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu uğurla bitirən şəxslər “GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar.
Azərbaycan vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər.
Həmin tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.
Kursa qeydiyyat davam edir.