CƏMİYYƏT


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və bayram sovqatı təqdim edib.

Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, həmçinin arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən danışıb.

General-mayor xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qarşılayırıq. Bildirib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət, qayğı göstərildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.