CƏMİYYƏT


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib

Bakı, 9 may, AZƏRTAC

1941-1945-ci illər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşı tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil təqdim edilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov avtomobilin açarlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin sədri alman faşizmi üzərində Qələbənin əldə olunmasında xalqımızın göstərdiyi misilsiz xidmətləri xatırladıb, ümummilli lider Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin formalaşdırılmasının təmin edildiyini vurğulayıb. V.Behbudov Prezident İlham Əliyevin müharibə veteranlarına xüsusi qayğısını, həmin kateqoriyalardan olanların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atılığını diqqətə çatdırıb, veteranları 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Respublika Veteranlar Təşkilatının sədri F.Səttarova İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən hərtərəfli qayğıdan razılıqla söhbət açıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərilən diqqətə və təşkilatın avtomobillə təmin olunmasına görə təşəkkürünü bildirib.

Görüş zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən və haqq savaşında erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılmasında xalqımızın göstərdiyi milli birlik nümunəsindən bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.