CƏMİYYƏT
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini xəstəxanada müalicə alan veteranlarla görüşüb
Bakı, 18 may, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə alan veteranlarla görüşüb, onların müalicəsi və qalma şəraiti ilə yaxından tanış olub.
Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranlar qarşısında çıxış edən Cəlil Xəlilov Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. O, son illər bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyinə diqqət çəkib: “Şəhid ailələri və veteranlara qayğı hər zaman dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olub və bu gün də aktuallığını qorumaqdadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir ki, şəhid ailələrinin, veteran və qazilərin sosial şəraitinin yaxşılaşması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük əmək sərf etməkdədir. Həssas kateqoriyaya aid olan bu şəxslərin mənzillə təminatı, onların müalicəsinin yüksək səviyyədə təşkili, həmin insanlara çoxsaylı imtiyazların verilməsi, vəziyyətlərinin daima diqqət mərkəzində saxlanılması veteranlara dövlət qayğısının ən böyük sübutudur”.
Cəlil Xəlilov qeyd edib ki, veteranların istirahətinin yüksək səviyyədə təşkili dövlətimizin bu kateqoriyadan olan insanlara necə böyük önəm verdiyini göstərir: “Xəstəxanada veteranlarımıza yaradılan şəraitə, onlara göstərilən qayğıya görə qurumun direktoru Gülşən Əliyevaya da təşəkkürümü bildirirəm. Çünki onun rəhbərliyi dövründə xəstəxanada veteranlarımızın müalicəsi üçün daha optimal şəraitin yaradıldığı, bu istiqamətdə çoxsaylı yeniliklərin həyata keçirildiyi və bu dəyişikliklərin veteranlar tərəfindən rəğbətlə qarşılandığı göz önündədir. Əminliklə bildirirəm ki, bundan sonra da veteranlarımız dövlətin qayğısını hiss edəcək, onlar üçün yaradılan imkanlardan bəhrələnməkdə davam edəcəklər”.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatı və beynəlxalq əlaqələr şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Nadir İsmayılov və təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak ediblər.