CƏMİYYƏT
Müharibə Veteranlarının Respublika Xəstəxanası veteranların müalicəsində mühüm rol oynayır
Bakı, 5 iyul, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Zaur Əliyev xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb.
Görüşdə iştirak edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, xəstəxana bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir.
Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını diqqətə çatdırıb. G.Əliyeva vurğulayıb ki, müəyyən yenidənqurma işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür.
Xəstəxananın korpus və şöbələrini gəzən Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev buradakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub.
Zaur Əliyev, həmçinin xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb. O, bu səhiyyə müəssisəsinin daha səmərəli fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini vurğulayıb.
Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib.