MƏDƏNİYYƏT


Müharibə acılarının Zəfər sevinci

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qayıdan torpaqlar, qayıtmayan oğullar” adlı tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova xalqımızın tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda ucaldaraq canlarından keçən şəhidlərin xatirəsinin daim ürəklərdə yaşayacağını söyləyib.

4 nömrəli filialın müdiri, şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva qonaqları salamlayaraq bildirib ki, Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalsa da, məhz Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib: “Bu mübarizələrdə xalqımız neçə-neçə igid övladını Vətən uğrunda qurban verib”.

Kitabxananın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova çıxış edərək bildirib ki, Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçən qəhrəmanların hər biri əsl igid, rəşadət və qorxmazlıq nümunəsidir. O, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamı ilə sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi təsis olunduğunu bildirib. Sözünün sonunda şəhidlərə həsr etdiyi şeirlərini oxuyub.

Sonra C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı bildirib ki, ümumilikdə 44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

C.Cabbarlı adına kitabxananın elmi işçisi Gülnarə Əlibalayevanın II Qarabağ müharibəsinin ildönümünə həsr etdiyi “Müharibə acılarının Zəfər sevinci (Müharibə mövzulu məqalə və şeirlər məcmuəsi)” kitabının, həmçinin Əməkdar artist Səlim Abbasovun II Qarabağ müharibəsinə həsr etdiyi klipin və yeni yazdığı “Şəhidlər” mahnısının da təqdimatı olub.

Sonda M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasının rəsm kursunun müəllimi Sevinc İsmayılova və şagirdləri şəhidlərə həsr etdikləri rəsmləri və ədəbi-bədii kompozisiyanı təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.