REGİONLAR
Müharibə əlili: Prezidentimizdən hər zaman diqqət və qayğı görmüşük
Xırdalan, 11 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti dövlət üçün çox önəmlidir.
Dövlətin qayğısını öz üzərində daim hiss edən müharibə əlillərdən biri də 1970-ci il oktyabrın 30-da Qərbi Azərbaycanın Amasiya rayonunda dünyaya göz açmış Rasim Paşa oğlu Ələkbərovdur. O, 1991-ci ilin avqust ayında Özbəkistanın Termez şəhərində hərbi xidməti başa vurduqdan sonra Ordu sıralarına könüllü yazılıb və “N” hərbi hissədə baş leytenant kimi xidmət edib. Elə həmin zaman da torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətdə bu gün Abşeron rayonunda yaşayan Birinci Qarabağ müharibəsi qazisi, birinci qrup əlil Rasim Ələkbərov Daşaltı, Şuşa, Ağdərə, Laçın və Kəlbəcərdə gedən döyüşlərdə iştirak etdiyini bildirib. 1992-ci ilin avqustun 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə tank mərmisinin yanıma düşməsi nəticəsində sağ ayağım dizdən yuxarı hissəsi amputasiya olunub. Buna baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanında da könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edib. Ancaq nə qədər cəhd etsə də, döyüşə aparmadılar deyir.
“30 ildən sonra bütün şəhidlərimizin qisası alındı. Vətən müharibəsində bizdən sonra doğulan gənclər bütün azərbaycanlıların arzusunu gerçəkləşdirdi, Qarabağ düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandanın rəhbərliyi altında düşmən üzərində şanlı Qələbə qazandı, xalqımıza qürur yaşatdı”, - deyən Rasim Ələkbərov bildirib.
O, özünün dövlətin reabilitasiya və sosial-psixoloji xidmətlər ilə təmin edildiyin vurğulayıb: “Belə ki, Birinci Qarabağ müharibəsi əlili olaraq dövlət tərəfindən müxtəlif zamanlarda mənzil və avtomobillə, eləcə də müasir 4-cü nəsil protezlə təmin edilmişəm. Hər il olduğu kimi artıq bu ayın 12-də də növbəti dəfə sağlamlığımın bərpası üçün dövlət tərəfindən Mərdəkan Reabilitasiya Pansionatında müalicə kursu alacam. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi də müharibə əlillərinə göstərilən xüsusi münasibəti sübut edən faktlardan biridir. Mən birinci dərəcə əlilliyə görə dövlətin verdiyi 8 800 manat birdəfəlik ödənişi da almışam. Həmin pulu müəyyən ehtiyaclarımızı ödəmək üçün sərf edəcəyəm”.
“Prezidentimizdən hər zaman diqqət və qayğı görmüşük. Ölkəmizdə bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insanları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur", - deyə R. Ələkbərov əlavə edib.
O, müharibə əlillərinin problemlərinin, qayğılarının, sosial məsələlərinin həllinin hər zaman dövlət başçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu qeyd edib. Şəhid ailələrinə, müharibə iştirakçıları və əlillərinə göstərilən qayğıkeş münasibətə görə dövlətimizin başçısına və nəcib əməlləri ilə fərqlənən ailə üzvlərinə minnətdaram. Müsəlləh əsgər kimi son nəfəsimə qədər Vətənin müdafiəsinə hazıram"- deyə Rasim Ələkbərov vurğulayıb.