CƏMİYYƏT
Müharibə əlili: Qarabağ qazisi kimi hər zaman hörmət görmüşəm VİDEO


Bakı, 5 avqust, AZƏRTAC
Zahid Qarayev həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İllər yaşı üstünə yaş gətirsə də, Vətən həsrəti döyüş əzmini qıra, gücünü tükədə bilməyib. O, Birinci Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlaya bildiyi üçün özünü xoşbəxt hiss edir.
Birinci Qarabağ müharibəsi əlili Zahid Qarayev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Ölkəmizin başı üstünü qara buludlar alanda bir azərbaycanlı kimi mən də o buludları qovmaq üçün silahıma sarıldım. Doğulub boya-başa çatdığım Ağdam rayonu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qazaxın Yuxarı və Aşağı Əskipara kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdim.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun müavini idim. Onun kimi qəhrəmanla bir taborda döyüşdüyüm üçün fəxarət hissləri keçirirəm. Ləqəbim “qarasaqqal Fidel” idi. O zaman silah-sursatla təchizatımız zəif olsa da, son ana kimi vuruşduq. Yaralansam da, döyüş meydanından çıxmaq istəmirdim. Birinci Qarabağ müharibəsi dövründə 18 dəfə yaralanıb, dörd dəfə əməliyyat olundum. Bədənimdə 20-yə yaxın qəlpə var. Bu illər ərzində məni fiziki yox mənəvi yaralarım rahat buraxmadı. Mən Ağdamımı, silahdaşlarımı itirmişdim. Allahverdi Bağırov şəhid olanda onun ruhuna söz vermişdim ki, ömür vəfa etsə, yaşım neçə olur-olsun müharibə olarsa, yenidən döyüşlərə qatılacağam. Düşünürəm ki, mən çox xoşbəxt insanam. Çünki verdiyim sözün üstündə dura bildim. Vətən müharibəsi başlayanda yaşım 65-dən yuxarı olmasına baxmayaraq, yenidən cəbhəyə yollandım. İkinci Qarabağ müharibəsində Suqovuşandan Laçına qədər döyüşməklə yanaşı, gənc hərbi qulluqçularla öz döyüş təcrübəmi bölüşdüm, əsgərlərə atış dərsləri keçdim. Torpaqlarımız qarış-qarış alındıqca qeyri-ixtiyari sevinc göz yaşlarım axırdı. Bu dəfə də yaralanmağım sonacan döyüşməyimə mane ola bilmədi. Vətən müharibəsi dövründə hamımız birləşib dəmir yumruq olduq, ona görə də vurduğumuz zərbə də daha güclü və təsirli oldu. Qazandığımız şanlı Zəfər sayəsində otuz ilin torpaq həsrəti 44 gün ərzində sona yetdi”.
Ölkəmizdə şəhid ailələrinə, qazilərə olan qayğı və diqqətin yüksək səviyyədə olduğunu bildirən Z.Qarayev müalicəsinə dəstək göstərildiyini, evlə təmin olunduğunu diqqətə çatdırıb: “Qarabağ qazisi kimi hər zaman hörmət görmüşəm. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qayğısını həmişə hiss etmişəm. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılması da ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirənlərə növbəti həssas münasibətin bir göstəricisidir. Şəhid ailələrinə, müharibə iştirakçıları və əlillərinə göstərilən qayğıkeş münasibətə görə dövlətimizin başçısına və nəcib əməlləri ilə fərqlənən ailə üzvlərinə minnətdaram. Müsəlləh əsgər kimi son nəfəsimə qədər Vətənin müdafiəsinə hazıram”.
Xatırladaq ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
I dərəcə əlilliyə görə - 8 min 800 manat, II dərəcə əlilliyə görə - 6 min 600 manat, III dərəcə əlilliyə görə - 4 min 400 manat verilir.