SİYASƏT
Müharibə əlillərinin təqaüdünün aylıq məbləği artırılmışdır
Bakı, 17 mart (AZƏRTAC). “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 17-də imzaladığı Fərmana əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilmişdir.
Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.