CƏMİYYƏT
Müharibə veteranlarına ərzaq yardımlarının çatdırılması davam etdirilir
Bakı, 7 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb.
Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.