CƏMİYYƏT
Müharibənin ilk günlərindən hücuma məruz qalan Jitomir şəhəri - AZƏRTAC-ın reportajı VİDEO
Jitomir, 20 fevral, AZƏRTAC
Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərindən ən çox hücuma məruz qalan ərazilərdən biri də Jitomir vilayətidir.
Jitomir şəhərinin bir çox hissələri raket hücumuna məruz qalıb, mülki binalar vurulub, bunların içərisində, həmçinin orta məktəb də var. Jitomir vilayətinin Belarusla sərhəd ərazidə yerləşdiyini nəzərə alsaq, buraların daima təhlükəli ərazi olduğunu söyləmək mümkündür.
Müharibənin başlanmasının birinci ildönümü ərəfəsində Belarus ərazisindən yenidən Ukraynaya hücumun ediləcəyi barədə hərbi ekspertlərin, rəsmilərin müxtəlif fikirləri açıqlanmaqdadır. Bu fikri Ukraynanın Jitomir vilayətinin qubernatoru, hərbi administrasiyasının rəhbəri Vitali Buneçko AZƏRTAC-a müsahibəsində də təsdiqləyib.
“Həqiqətən, Belarus Respublikası ilə sərhəddə gərginlik yaşanır. Partlayışları eşitdinizmi? Bu, poliqondur. Çox mühümdür ki, bizim hərbçilər təlimi davam etdirirlər. Belə partlayışlar və Belarus Respublikası ilə sərhədimizdə aparılan tədbirlər sayəsində birbaşa yerüstü hücum təhlükəsi hazırda minimumdur. Biz dərindən eşelonlaşdırılmış müdafiə xətti, istehkamlar və səngərlər qurmağı davam etdiririk. Sərhədimizi müdafiə etmək üçün öz sirlərimiz var. Bu səbəbdən hazırda vəziyyət sabit və tam nəzarətediləndir”, - deyə Vitali Buneçko əlavə edib.
Hər an təhlükəli vəziyyətin olmasına baxmayaraq, Jitomir şəhərində və onun vilayətində yaşayan etnik azərbaycanlılar həmişə ukraynalıların yanında olub, öz yardımlarını əsirgəməyiblər.
Qubernator müharibənin ilk günündən dəstək prosesinə qoşulan, etnik ukraynalılarla çiyin-çiyinə duran azərbaycanlılara çox minnətdarlığını bildirib: “Müharibə başlayandan ukraynalılar, azərbaycanlılar və ya digər millətlərə bölünmə olmayıb. Hazırda hansı şəraitdə yaşamağımıza anlaşıqlı yanaşan bütün insanlara olduqca minnətdaram.
Müharibənin ilk günlərindən bombardmandan qorxmayan, heç bir yerə getməyən, bizimlə yanaşı Jitomirin, ikinci vətəninin müdafiəsinə qalxan Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresini, xüsusən İlqar Məmmədovu ayrıca vurğulamaq istəyirəm. Təkcə o deyil, burada olan azərbaycanlılar müstəqillik uğrunda mübarizəyə qoşuldular”.
Hazırda Jitomir vilayətinin Qubernatorluğunun binasında Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin ofisi də fəaliyyət göstərir.
Konqresin rəhbəri İlqar Məmmədovun açıqlamasına görə, müharibə zamanı soydaşlarımız dəfələrlə humanitar yardımlar ediblər. Bu gün də bu aksiyalarda həmvətənlərimiz aktivlik nümayiş etdirirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Jitomir