İQTİSADİYYAT


Mühasibat uçotu sahəsindəki dəyişikliklər kiçik və orta sahibkarlığın inkişafına xidmət edir YENİLƏNİB

Bakı, 14 iyun, AZƏRTAC

Mühasibat uçotu sahəsində qanunvericilikdə aparılan dəyişikliklər ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 14-də Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru Əli Bayramov "Mühasibat uçotu haqqında" qanuna edilmiş dəyişikliklərə həsr olunan tədbirdə deyib.

Ə.Bayramov qeyd edib ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun tətbiqi xüsusi əhəmiyyətə malikdir.

Sözügedən dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanaraq böyük spektri əhatə edir. Belə ki, bu yeniliklərin həyata keçirilməsi kiçik və orta sahibkarlığın inkişafına, şəffaflığın və maliyyə sabitliyinin təmin olunmasına, müəssisələrin rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Bundan başqa, qanunda bir sıra yeni anlayışlar da əlavə edilib.

İcraçı direktor, həmçinin nəzərə çatdırıb ki, qanunda mühasibat subyektlərində mühasibat uçotu xidmətlərinin təşkil edilməsi və uçotun aparılması, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatlarla bağlı müvafiq müddəalar, baş mühasiblərin peşəkar mühasiblər olmaları barədə tələblər də daxil edilib: “Mühasibatlıq sahəsində atılan önəmli addımlardan biri də ARPA-da bu sahədə yeni komitənin təsis edilməsi olub. Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq, peşəkar mühasib anlayışı da öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarında iştirak edərək sertifikat əldə edilməsi, eləcə də Peşəkar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olunması tələb olunur. Həmin qanun özündə maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq beynəlxalq standartlara keçilməsi, mühasibat uçotunun aparılması sahəsində uçot qaydalarının qəbul edilməsi ilə bağlı müddəaları əks etdirir. Bu yeniliklər ölkədə aparılan sosial-iqtisadi islahatların məntiqi davamıdır”.

Ə.Bayramov onu da vurğulayıb ki, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə fəal əməkdaşlıq edir.

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qanunda olan dəyişikliklər barədə ətraflı məlumat verib, mühasibat uçotu sahəsində edilən dəyişikliklərin zəruriyyətindən danışıb.

Sonra maliyyə sahəsində çalışan ekspertlər qanunda dəyişikliklərlə bağlı öz mülahizələrini bölüşüblər.

Tədbirdə respublikanın aparıcı dövlət müəssisələrinin, audit şirkətlərinin, korporativ və maliyyə sektorunun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.