ELM VƏ TƏHSİL


“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib

Bakı, 2 mart, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursunun açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Bakı Ali Neft Məktəbindən məlumat verilib. Bildirilib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsi olan layihədə iştirak üçün ümumilikdə 300 nəfər müraciət edib.

Onlardan yalnız mühəndislik ixtisasları üzrə təhsil alan III-V kurslarda təhsil alan və ingilis dili bacarıqları yüksək olan tələbələr seçilib.

Kursa BANM-in IV-V kurs, digər ali təhsil müəssisələrinin isə III-IV kurs tələbələrindən ibarət 80 nəfərlik iştirakçı qəbul edilib.

İştirakçılar BANM-i, Azərbaycan-Fransız Universitetini (UFAZ), Bakı Mühəndislik, Memarlıq və İnşaat, Bakı Dövlət, Xəzər, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərini təmsil edir.

Altı modulu (“Prezentasiya və kommunikasiya bacarıqları”, “Layihə idarəetməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Risklərin idarə edilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik”) əhatə edəcək kurs üzrə martın 1-dən etibarən onlayn tədrisə başlanılıb. Kursun müddəti iki həftədir və tam olaraq ingilis dilində aparılacaq. Proqramın sonunda kursu uğurla bitirənlər sertifikatlarla təmin ediləcək.

Proqram BANM-in beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan-Fransız Universitetinin (UFAZ), Bakı Mühəndislik Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Xəzər Universitetinin dekan və bölmə rəhbərləri iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.