ELM VƏ TƏHSİL


Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Bakı, 14 avqust, AZƏRTAC

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu bu gün yekunlaşır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İnha İDP) bakalavr pilləsinə onlayn qeydiyyat avqustun 14-ü saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

Proqramın 3+1 modelinə əsaslanaraq, 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də Dövlət Proqramı tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, proqrama Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçmiş I ixtisas qrupunun abituriyentləri və BMU-İnha İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilərlər. Proqrama müraciət etmiş namizədlər BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidir: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün onlayn anket formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.

BMU-İnha İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və 19-da (şifahi) keçiriləcək. İmtahanın nəticələri isə avqustun 23-də elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.