ELM VƏ TƏHSİL
Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda ikinci dəfə keçirilən “FIRST LEGO League” (FLL) mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri mayın 22-dən 25-dək Türkiyənin İzmir şəhərində təşkil olunacaq FLL Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın yerli turnirində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının “Mübarizlər” komandası və Bakı Modern Təhsil Kompleksinin “Humanoid” komandası qalib gəlib.
Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının birgə layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə töhfə vermək məqsədilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub.
Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimlərinə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlər keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar.
Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.