İQTİSADİYYAT
Mülki Aviasiya Agentliyinin və “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin rəhbərlərinə “Şöhrət” ordeni təqdim olunub
Bakı, 2 iyun, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova və “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu gün qeyd olunan mülki aviasiya işçilərinin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Nazir bildirib ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin Azərbaycan elminə və mülki aviasiya sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
R.Quluzadə A.Qəribovun elmin inkişafında və A.Məmmədovun mülki aviasiya sahəsində göstərdiyi xüsusi xidmətlərdən söz açaraq bu barədə ətraflı danışıb. Nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və “Şöhrət” ordenini təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il martın 27-də A.Qəribovun, aprelin 17-də isə A.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.