CƏMİYYƏT
Mülki Aviasiya Muzeyi faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı tədbir keçirib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi 9 May - faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı Sabunçu rayonunun C.Cabbarlı adına 187 saylı məktəbi ilə birgə onlayn formatda tədbir təşkil edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirə məktəbin müəllim və şagird kollektivi qatılıb. Muzeyin əməkdaşı Elnaz Osmanova tədbir iştirakçılarına İkinci Dünya müharibəsi illərində Azərbaycan aviasiyasının rolu haqqında mühazirə oxuyub. Həmçinin muzeyin fond materialları əsasında hazırlanmış “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı onlayn sərgi tədbirdə nümayiş etdirilib. Məktəbin 8-ci sinif şagirdlərinin təqdimatında təyyarəçi Məzahir Abasova həsr olunmuş şeirlər səsləndirilib. “Böyük Vətən müharibəsi azərbaycanlı rəssamların gözü ilə” adlı sərginin nümayişi ilə tədbir yekunlaşıb.