ELM VƏ TƏHSİL
Mülki Aviasiya Muzeyində “Böyük aviasiyanın başlanğıcı - aviamodelçilik” adlı sərgi keçirilib VİDEO
Bakı, 25 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 25-də Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyində “Böyük aviasiyanın başlanğıcı - aviamodelçilik” adlı sərgi keçirilib. Sərgidə bu elm ocağının mədəni-maarif kompleksinin aviamodelçilik laboratoriyasında hazırlanmış aviamodellər nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Firəngiz Hüseynova Azərbaycanda aviamodelçilik tarixi haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Sərgidə “Gənc aviamodelçilər” adlı videoçarx nümayiş etdirilib.
Aviamodelçilik laboratoriyasının müəllimi Vladimir Şevçuk bu dərnəyin tələbələrə müasir təyyarə maketlərini hazırlamaq texnikasını öyrətməklə yanaşı, onların hafizəsinin inkişaf etdirilməsinə, həmçinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə xidmət göstərdiyini vurğulayıb.
Milli Aviasiya Akademiyasının “Aerokosmik” fakültəsinin III kurs tələbələri İlkin Nağıyev, Sevinc Əliyeva, “Hava nəqliyyatlı” fakültəsnin II kurs tələbələri Yəhya Əhədov, Nigar Əliyeva, Elvin Fərəcov, Nəriman Sultanov, Aleksey Karataşev və digərlərinin hazırladıqları “Cesna-182 Skylane”, “Tricopter”, “Meteor”, “Ultimate”, “Nobler”, “Cri-Cri”, “Nexstar”, “Lavoçkin-7” tipli bir çox modellər sərgidə nümayiş olunub.
Sərgidə, həmçinin Azərbaycanın aviamodelçilik tarixi ilə bağlı fotoşəkillər də nümayiş etdirilib. Fotolar arasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin hələ uşaqlıq illərində hazırladığı kiçik təyyarə modeli ilə olan şəkli iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.