İQTİSADİYYAT


Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş layihəsi təşkil edir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda olan nümayəndə heyəti “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovla görüşüb. Görüşdə tərəflər əməkdaşlığın perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə ediblər.

AZAL-ın prezidenti vurğulayıb ki, Azərbaycanın milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. Bu ilin ikinci yarısından etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni, müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq. Prezident İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət “Buta Airways”in əsası qoyulub. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

“Baxmayaraq ki, Azərbaycanın ərazisi elə də böyük deyil, ölkədə beynəlxalq standartların bütün tələblərinə cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Ötən ilin mayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards”un ən yüksək – “5 ulduz” mükafatına layiq görülüb. Bakı hava limanı, həmçinin Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib”, - deyə C.Əsgərov qeyd edib.

AZAL-ın prezidenti vurğulayıb ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). C.Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

Qonaqlar qeyd ediblər ki, qabaqcıl texnologiyanın tətbiqi ilə Azərbaycanda mülki aviasiya sahəsində yaradılmış imkanlar onlara böyük təəssürat yaradıb.

H.Hololey Azərbaycan mülki aviasiyasının nailiyyətlərini, personal hazırlığını, hava hərəkətinin təşkili sahəsində son texnologiyaların və innovasiyaların tətbiqini yüksək qiymətləndirib: “Ölkədə yaradılan şərait sayəsində Azərbaycan dünya aviasiya birliyi üçün daha cəlbedici olur və Avropanın daha çox aviaşirkəti tranzit uçuşlar üçün ölkəmizin hava məkanını seçməyə üstünlük verirlər. Unikal coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa və Asiya arasında artan daşımaların özünəməxsus əlaqələndirici qovşağına çevrilib”.

Avropa Komissiyasının nümayəndə heyəti, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olub. Qonaqlar, həmçinin yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət edib.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO “Global ATM Summit” aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan verib. AZANS 2018-ci ildə Avropa Aeronaviqasiya Təşkilatlarının (CANSO Europe) Direktorları Komitəsinə üzv seçilib və Avropa Hava Məkanının gələcək arxitekturasının işlənib hazırlanmasında fəal iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.