REGİONLAR
Mülki əhalini qətlə yetirən Ermənistan beynəlxalq ictimaiyyət qarşısında cavab verməli, onu dəstəkləyənlər utanmalıdır
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalan erməni ordusunun yenidən və bu dəfə daha geniş miqyasda yaşayış məntəqələrimizi, hətta cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizi raket və artilleriya atəşinə tutması onların insani hisslərdən məhrum olduqlarını göstərir. Gəncədə baş verən hadisə, burada binaların dağıdılması, qadınların, uşaqların, qocaların öldürülməsi, yaralanması ermənilər tərəfindən həyata keçirilən növbəti soyqırımı aktının tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət buna lazımi qiyməti verməli, Ermənistanı dəstəkləyənlər utanmalıdır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnaz Əliyeva deyib. O bildirib ki, Vətən yurddur, obadır, şəhid əmanətidir. Vətən hər birimizin qəlbindəki sərhədsiz sevginin ünvanıdır. Vətən hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, gücü, qüdrəti, qürur mənbəyidir. Vətən sevgisi isə insanın qəlbinə hakim kəsilən ana qədər müqəddəs bir hissdir. Tarixən Vətənimizin ərazisi dəfələrlə qəsbkarların hücumlarına məruz qalıb. Növbəti bu cür qanlı hadisələr ötən əsrin 90-cı illərinin əvvəllərində baş verib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, Dağlıq Qarabağ kimi dilbər guşəmiz düşmən əlinə keçib. 30 ildir ki, bu problem həllini tapmayıb. Kimə görə, nəyə görə?! Təbii ki, ermənilərin danışıqlar prosesini pozduqlarına, beynəlxalq qurumların fəaliyyətsizliyinə və beynəlxalq hüququn heçə sayılmasına görə.
Elnaz Əliyeva qeyd edib ki, azğınlaşan Ermənistan ordusunun sentyabr ayının 27-si səhər saatlarından yenidən hücuma keçməyə cəhd göstərməsi, dinc əhalinin yaşadığı yaşayış məntəqələrini müxtəlif növ silahlardan intensiv atəşə tutması onların barbar simalarının növbəti təzahürüdür. Nəticədə, çox sayda dinc əhalinin evləri dağıdılıb, təsərrüfatlarına ciddi ziyan dəyib, mülki şəxslər arasında həlak olanlar və yaralananlar var. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumuz həmin gündən humanitar atəşkəs elan olunduğu günədək uğurlu əks-hücum əməliyyatı keçirdi, düşmənin müdafiə xətti yarıldı, hərbi texnika və canlı qüvvəsi məhv edildi, yaşayış məntəqələrimiz azad olundu.
“Ordumuzun əldə etdiyi uğurlar, erməni təxribatına verilmiş layiqli cavab hər bir azərbaycanlıya ruh yüksəkliyi bəxş etdi. Rəşadətli ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır”, - deyən Elnaz Əliyeva qeyd edib ki, Azərbaycan xalqı bütün varlığı ilə Ali Baş Komandanının, ordumuzun yanındadır. Tarixi əhəmiyyətli günlərdə ölkəmizdə yaranan birlik, həmrəylik illərdən bəri həsrətində olduğumuz böyük Qələbənin yaxın olduğunu göstərir. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!