Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 222; 2004, № 4, maddə 202; 2005, № 4, maddə 278, № 12, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddə üzrə:

1.1. birinci hissədə “qulluqçulardan və fəhlələrdən” sözləri “dövlət qulluqçularından və digər mülki işçilərdən” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü hissədə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.

2. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 20. Mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarət

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə idarədaxili nəzarəti mülki müdafiə qüvvələrinin komandanlığı və müvafiq icra hakimiyyəti orqanının rəhbəri həyata keçirir.

Prokurorluq orqanları mülki müdafiə qüvvələrində qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin