CƏMİYYƏT
Mülki müdafiə işlərinə həsr olunmuş müşavirə keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Mərkəzin Mülki müdafiə idarəsinin əməkdaşlarının və yerli icra hakimiyyətlərinin mülki müdafiə qərargah rəisi vəzifələrini icra edən şəxsləri iştirak ediblər.
Müşavirədə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.
Bundan əvvəl Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə bağlı aprelin 22-də FHN-in Cənub Regional Mərkəzində və mayın 20-də Şimal-qərb Regional Mərkəzində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.
Belə tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.