CƏMİYYƏT


Multikulturalizm Mərkəzi “Bakı Prosesi-10” adlı VIII virtual dəyirmi masanın materiallarını nəşr edib

Bakı, 13 may, AZƏRTAC 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Bakı Prosesi” (2008-2018) adlı VIII virtual dəyirmi masanın materiallarını nəşr edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən layihənin rəhbəri BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, tərtibçilər BBMM-in icraçı direktoru Rəvan Həsənov və analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov, korrektoru Tahir Kazımlıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Bakı Prosesi”ni xüsusi diqqətdə saxlayaraq, bu mövzuya ayrıca layihə həsr edib. Layihə çərçivəsində 8 dəyirmi masa təşkil olunub və hər birinin materialları 3 dildə dərc edilib.

Mədəniyyətlərarası dialoqun təşviq edilməsi məqsədilə “Bakı Prosesi” Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb. 2008-ci il dekabr ayının 2-3-də Bakıda keçirilən həmin konfrans Azərbaycan Hökuməti və Avropa Şurasının birgə təşəbbüsü ilə təşkil olunub. Azərbaycan tərəfindən belə qlobal prosesin irəli sürülməsinin əsasında respublikamızdakı dini-etnik rəngarənglik, eləcə də ölkə ərazisində tarixən təşəkkül tapmış mədəni müxtəliflik amili dayanır. Bu konfrans çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsinin iştirakı ilə yeni əməkdaşlıq formatının əsası qoyulub. 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra qeyri-hökumət təşkilatlarının yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib.

“Bakı Prosesi” sayəsində bəşəriyyətin qlobal təhlükəsizliyinin təmini və dövrümüzün ən mühüm vəzifəsi kimi mədəniyyətlərarası dialoqa və mədəni müxtəlifliyə böyük diqqət ayrılır. “Bakı Prosesi”nin ayrılmaz və əsas tərkib hissəsi olan bütün Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksəkvəzifəli şəxslər, müxtəlif beynəlxalq təşkilatların başçıları, görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Beləliklə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif dövlətlərin, mədəniyyətlərin və beynəlxalq təşkilatların nümayəndələrinə bütün dünyada mədəni müxtəlifliyin və sivilizasiyalararası dialoqun qorunması və inkişafı üçün konkret işlər görməyə imkan verən beynəlxalq platformaya çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.