CƏMİYYƏT


Multikulturalizm Mərkəzi xarici universitetlərdə tədrisi davam etdirir

Bakı, 5 avqust, AZƏRTAC

Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Ölkəmizin bu istiqamətdə fəaliyyəti, təkcə multikultural dəyərləri qoruyub inkişaf etdirməklə yekunlaşmır. Azərbaycan multikulturalizmin dünyada təbliği və təşviqi üçün də mühüm işlər həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və artıq fəaliyyətinin 6 ilini geridə qoyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işlər də öz yüksək nəticəsini verməkdədir. Mərkəzin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları ilə qurduğu səmərəli əməkdaşlıq uğurla davam etdirilir. “Azərbaycan multikulturalizmi" fənninin tədrisinin daha geniş coğrafiyanı əhatə etməklə bərabər, həm də öz təsir dairəsi və gücünü artırmaq istiqamətində ciddi işlər görülür. Azərbaycan multikulturalizm modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması, gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulması Multikulturalizm Mərkəzinin hədəfləri sırasındadır. Mövcud pandemiya şəraitində BBMM xarici ölkələrdə tədris və təbliğat işlərini mümkün olduğu qədər online şəkildə həyata keçirməyə çalışır. Mərkəz növbəti belə tədbiri Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə avqust 3-7-də gerçəkləşdirir.

Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Braziliya universitetlərinin tələbələri üçün Azərbaycan multikulturalizmi mövzusunda təşkil edilən online kursun ilk günü Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov tələbələr qarşısında geniş çıxış edib. Kursda Braziliya Universiteti, Rio-de-Janeyro Federal Universiteti, Alto Vale de Rio Universitetinin tələbələri iştirak edirlər. Mühazirəçi Multikulturalizm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kuninadır. Kurs 5 gün ərzində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.