CƏMİYYƏT
Multikulturalizm Mərkəzinin daimi elmi seminarında mühüm məsələlər müzakirə olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının sədri Etibar Nəcəfov moderatoru olduğu, akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb. Bildirilib ki, iclasın gündəliyində Sorbon Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb.
Professor Fransua Jorjo məruzəsində Azərbaycandakı multikulturalizm modeli ilə bağlı fikirlərini bölüşərək deyib: “Mən multikulturalizm ideyalarının bu qədər yayıldığını, əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüm. Məndə Azərbaycanın multikulturalizm modelinə böyük maraq yarandı və bu sahəni öyrənməkdən şərəf duyuram. Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. Düşünürəm ki, dünyada insanların sülh şəraitində yaşaması, plüralizmin inkişafı və çoxmədəniyyətliliyin qorunub saxlanması üçün Azərbaycanın multikulturalizm modeli dəyərli örnəkdir”.
Livanlı professor Mahmud Heydərin böyük marağa səbəb olan çıxışında dialoqda zidd, yaxud fərqli mədəniyyətə sahib tərəflərin bir-birilərinin mədəniyyətini, mənəvi irsini tanımaq, bilmək və qəbul etmək məsələsinin vacibliyi xüsusilə vurğulanıb.
Məruzədən sonra Arye Qut israilli yazar Əmir Qutla birgə həmmüəllifi olduğu “Ağrı” kitabı haqqında məlumat verib. O deyib: “Ağrı” kitabı Təl-Əvivin “Medial” nəşriyyatında İsrailin “YR” şirkətinin dəstəyi ilə çapdan çıxıb. Bu günlərdə kitabın Yazıçılar Birliyində təqdimatı keçirilib. İlk təqdimatın Bakıda baş tutması bizim üçün çox qürurvericidir. “Ağrı” romanında, demək olar, Xocalıda baş verən dəhşətlər müəlliflər və onların həmsöhbət olduqları şahidlər tərəfindən dilə gətirilib. Burada bəzən faktlar verilsə də, ayrı-ayrı insanların söylədikləri qələmə alınsa da, bütünlükdə bu, tarixi bir romandır”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının sədr müavini Elsevər Səmədov, Fəlsəfə İnstitutunun şöbə müdiri Zöhrə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxışlarında kitabın axıcı dillə yazıldığını, birnəfəsə oxunduğunu qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, kitabın rus dilində yazılması çox əhəmiyyətlidir. Müəlliflər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində böyük bir işə imza atıblar. 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən bu kitabın dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Bədii üslubda rus dilində yazılmış bu romanın ölkəmizin haqq səsinin dünyaya yayılması işində böyük önəmi var. İndiyə qədər sübut edə bilmədiyimiz bir həqiqət - Qafqaza, əsasən də Azərbaycana ermənilərin 1828-ci ildən etibarən köçürülməsi və bunun çar siyasətinin tərkib hissəsi olması kitabda öz əksini tapıb. Müəlliflər Azərbaycan xalqının dərin kədərini və faciəsini ürəkağrısı ilə qələmə alıblar, bu qanlı faciənin canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin iç üzünü ifşa ediblər.
Çıxış edənlər, həmçinin “Ağrı” kitabının ingilis dilinə tərcümə edilərək beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini bildiriblər.
İclasın gündəliyinə uyğun olaraq tədbirdə BBMM, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı təqdim edilib. Baş redaktoru Fəxri Uğurlu olan jurnalın ikinci sayı rəsmi xəbərlərlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı nitqi ilə açılır.
“Dünyanın tanınmış din xadimləri” rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin “Ağa Əlizadə - Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” sərlövhəli məqaləsi verilib. Jurnalda materiallar üç dildə - Azərbaycan, rus və ingilis dillərində dərc edilib. Bu sayda Azərbaycan ədəbiyyatının tanınmış müəlliflərinin yeni şeirləri, hekayələri, esseləri, tərcümə və reportajları yer alıb. “Multikulturalizm mozaikası” bölümündə isə Azərbaycanın cənub bölgəsinin ədəbi mənzərəsi öz əksini tapıb.
Toplantıda çıxış edənlər jurnalın mündəricatında yer alan materialların mühüm və aktual olduğunu diqqətə çatdırıblar.
Tədbiri yekunlaşdıran Etibar Nəcəfov daimi elmi seminarda müzakirə edilən məsələlərin böyük önəm daşıdığını vurğulayaraq, belə toplantıların multikultural ideyaların təbliği və təşviqi işinə yeni töhfələr verəcəyinə əminliyini bildirib.