CƏMİYYƏT
Multikulturalizm mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Jurnalı” elmi materialların toplanılması məqsədilə Filippin Respublikasında keçiriləcək Beynəlxalq virtual elmi konfransla əməkdaşlıq edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 3-4-də Filippinin Sent-Luiz Universitetinin Tədqiqat və İnkişaf Mərkəzi, Sosial İnnovasiya, Bilik və Təhsil Araşdırmaları Mərkəzi, Məzun Araşdırmalar və Davamlı Peşəkar İnkişaf Mərkəzi və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin birgə təşkilatçılığı ilə Multikulturalizm Beynəlxalq elmi virtual konfrans təşkil ediləcək. Sent-Luiz Universitetinin multikulturalizm sahəsi üzrə elmi-tədqiqatçıları və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin Hindistan, Çin, Böyük Britaniya, Makedoniya, Türkiyə, Pakistan, Tayvan, İran, İndoneziya kimi ölkələrdə fəaliyyət göstərən təmsilçiləri konfransın əsas spikerləri kimi çıxış edəcəklər.
Beynəlxalq konfransın məruzələri və elmi materialları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Jurnalı”nda dərc olunacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, “Beynəlxalq Multikulturalizm Jurnalı”nın redaktoru Rəvan Həsənov bildirib ki, bu cür konfranslarla əməkdaşlıq etməkdə məqsəd multikulturalizmin bir nəzəriyyə kimi elmi inkişafını və beynəlxalq səviyyədə təbliğatını gücləndirmək, baş verən yenilikləri beynəlxalq auditoriyaya çatdırmaq, alimlər və elmi-tədqiqatçılar arasında elmi ünsiyyət qurmaqdır. “Beynəlxalq Multikulturalizm Jurnalı” multikulturalizm mövzusunda elmi tədqiqatların nəticələrini əks etdirən, ildə 2 dəfə dərc olunan beynəlxalq elmi-tədqiqat jurnalıdır.
Beynəlxalq Virtual Elmi Konfransda Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəhbəri, “Beynəlxalq Multikulturalizm Jurnalı”nın redaktor müavini Xəyalə Məmmədova “Azərbaycanın multikulturalizm modelinin qlobal perspektivləri“ mövzusunda məruzə edəcək.
Multikulturalizm sahəsində tədqiqat aparan Azərbaycan alimləri və ekspertləri beynəlxalq virtual elmi konfransda iştirak üçün dəvət edilir.