REGİONLAR
Multikulturalizm yay və qış məktəbləri nəticəsində xaricdə ölkəmizin haqq işini dəstəkləyən güclü lobbi formalaşıb VİDEO
Şamaxı, 13 fevral, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Bakıda işə başlayan “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 13-də Şamaxıya gəliblər.
AZƏRTAC xəbər verir ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-dək tələbə iştirak edir.
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində Şamaxıda mühazirələr dinlənilib. Azərbaycan Dillər Universitetinin Azərbaycan multikulturalizmi elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina tələbələr qarşısında “Azərbaycanda etnik müxtəliflik” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev “Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi” mövzularında mühazirələr söyləyiblər.
İrina Kunina mühazirəsində eyniadlı videoçarxın müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verərək deyib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan – Azərbaycan türklərindən və milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan ibarətdir. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Həmçinin ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Təkcə Bakıda 20-dən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Ümumiyyətlə, etnik azlıqların yığcam yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev isə mühazirəsində BBMM Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında məlumat əldə etmək imkanı olduğunu vurğulayıb. “Bu fənn hazırda ölkəmizin 38, dünyanın 18 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı ildən-ilə artmaqdadır”, - deyə S.Xuduyev diqqətə çatdırıb.
Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb. Xarici ölkələrdən olan tələbələr əsasən almanların, yəhudilərin, xınalıqlıların, malakanların Azərbaycanda məskunlaşmaları ilə bağlı suallar veriblər.
Tədbirdə VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi baxımından əhəmiyyəti barədə AZƏRTAC-ın müxbirinin suallını cavablandıran BBMM-in şöbə müdiri Yadigar Məmmədli deyib: “Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Layihə çərçivəsində ölkəmizin, eləcə də dünyanın bir sıra ölkələrinin universitetlərində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant şərait, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilir”.
Yadigar Məmmədli bildirib ki, artıq ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.
Günün ikinci yarısında tələbələr və onları müşayiət edənlər Şamaxı şəhəri, o cümlədən Cümə məscidi, Şamaxı rəsədxanası, “Safari park” ilə tanış olub, yerli icmaların nümayəndələri ilə görüşüblər.