SİYASƏT


Multikulturalizmin Azərbaycan modeli Romada təqdim olunub

Roma, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Romada İtaliya Nazirlər Şurası İnstitusional Tədqiqatlar və Münasibətlər Ofisinin rəhbəri Anna Nardini, Daxili İşlər Nazirliyinin Mülki Azadlıqlar və İmmiqrasiya Departamenti müdirinin müavini Karmine Valente, İslam Mədəniyyəti Mərkəzinin İdarəetmə Şurasının sədri, İtaliya parlamentinin üzvü Xalid Çaouki və İtaliya Yəhudi İcmaları İttifaqının prezidenti Noemi di Segni ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, görüşlərdə şöbə müdiri Azərbaycanın dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti, ölkəmizdə tarixən multikultural ənənələrin mövcud olması, müxtəlif dini və etnik icmaların sülh şəraitində yaşaması, xüsusən də müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsi barədə məlumat verib.

İtaliya rəsmiləri dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı İtaliyanın siyasəti və təcrübəsi barədə məlumat verib, Azərbaycan tərəfinin sözügedən sahələrdə böyük təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini söyləyiblər.

Səfər çərçivəsində Etibar Nəcəfov İtaliyanın nüfuzlu Sapienza və Link Kampus universitetlərində də olub. O, Sapienza Universitetində Sapienza Fondunun prezidenti Antonello Biacini, Link Kampus Universitetində isə bu ali təhsil müəssisəsinin rektoru, İtaliyanın sabiq xarici işlər və daxili işlər naziri Vinçenzo Skotti ilə görüşlər keçirib. O, həmçinin hər iki universitetdə tələbə-magistr və professor-müəllim heyəti qarşısında “Multikulturalizm Azərbaycanın dövlət siyasəti kimi” mövzusunda mühazirə ilə çıxış edib.

Şöbə müdiri mühazirəsində ölkəmizdəki multikulturalizmin tarixi kökləri, mövcud vəziyyəti, bu sahədəki dövlət siyasəti və multikulturalizmin qanunvericiliklə tənzimlənməsi, habelə multikulturalizmin Azərbaycanın daxili və xarici siyasətində əks olunması haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Mühazirə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində hazırlanmış “Azərbaycan: Tolerantlıq diyarı” adlı videoçarx nümayiş etdirilib.

Etibar Nəcəfov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitablarını İtaliya rəsmilərinə, həmçinin universitetlərin kitabxanalarına təqdim edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.