CƏMİYYƏT
Münaqişə zəminində başqasına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 11 avqust, AZƏRTAC
Bakı şəhər sakini Şahin Məmmədov avqustun 7-də Suraxanı rayonundakı evindən bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya gətirilib. O, izahatında yıxılması nəticəsində xəsarət aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla həmin gün Ş.Məmmədov ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyənləşdirilib.
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.