İDMAN
Mundialdan üzüqara qayıdan İspaniya futbolçularının təyyarəsini ildırım vurmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). Dünya çempionatından Madridə qayıdan İspaniya yığmasının təyyarəsini ildırım vurmuşdur. Hadisə futbolçuları Kuritibadan gətirən təyyarə yerə enən zaman baş vermişdir. İldırım təyyarənin sağ qanadını vurmuşdur. Təyyarə silkələnsə də, pilotlar onu sağ-salamat yerə endirmişdir.
Xatırladaq ki, Niderland (1:5) və Çili (2:0) yığmalarına uduzan İspaniya komandası hələ qrup mərhələsinin ikinci turunda dünya çempionu adından əl çəkməli olmuşdur.
Visente del Boskenin yetirmələri sonuncu turda 3:0 hesabı ilə avstraliyalılara qalib gələrək, vəziyyəti qismən düzəltmişlər. Buna baxmayaraq, İspaniya yığmasının məşqçiləri və oyunçuları özündə cəsarət taparaq, əvvəlki iki məğlubiyyəti ədalətli adlandırmışlar.
“B” qrupunda üçüncü yeri tutan 2010-cu ilin çempionları 1998-ci ildən sonra ilk dəfə pley-off mərhələsinə çıxa bilməmişlər.
Braziliya kampaniyası rüsvayçılıqla başa çatdıqdan sonra “Baraxas” hava limanında komandanı, demək olar, heç kəs qarşılamamışdır.
Buna baxmayaraq, İspaniyanın az qala bütün futbol mütəxəssisləri əsas məsələdə yekdil olmuşlar: İspaniya nəinki CAR-da dünya çempionatının və iki dəfə Avropa çempionatının qalibi olmuşdur, həm də tamaşaçılara incə pas texnikasına əsaslanan və dünya futbol tarixinə yazılan oyun təklif etmişdir.
Komandada nəsillərin dəyişməsi prosesinin ləngiməsi ispanların məğlubiyyətinin əsas səbəbi sayılır.
İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar çempionata hazırlığın gedişində yol verilmiş səhvləri təhlil etməyi və müvafiq nəticələr çıxarmağı vəd etmişdir. Baş məşqçi Visente del Boskenin taleyi məlum deyildir. Çox güman, o, komandanı tərk edəcəkdir.