İDMAN


Mundialın pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Mundialın pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Bakı, 3 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin G qrupunun üçüncü turu çərçivəsində “Stadium 974”də Serbiya və İsveçrə milli komandaları üz-üzə gəliblər. Argentinalı baş hakim Fernando Rapallininin idarə etdiyi oyunda hesabı isveçrəli Cerdan Şakiri açıb. Yarımmüdafiəçi matçın 20-ci dəqiqəsində fərqlənib. Altı dəqiqə sonra Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç hesaba tarazlıq gətirib. Qarşılaşmanın 35-ci dəqiqəsində Duşan Vlahoviç Serbiya seçməsini hesabda önə keçirib. Brel Embolo oyunun 44-cü dəqiqəsində baxımlı qola imza ataraq hesabı bərabərləşdirib. Matçın birinci hissəsi heç-heçə (2:2) başa çatıb.

İkinci hissənin əvvəlində - 48-ci dəqiqədə Remo Froyler fərqlənməklə İsveçrə millisinin qələbəsini rəsmiləşdirib – 3:2.

Qrupun digər oyununda Kamerun və Braziliya yığmaları qarşılaşıb. “Lusail” stadionunda oynanılan matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda kamerunlu futbolçu Vinsent Abubakar hesabı açıb və bu, qarşılaşmada vurulan yeganə qol olub - 1:0.

Braziliya və İsveçrə yığmaları 6 xalla növbəti mərhələyə adlayıblar. Kamerun 4 xalla üçüncü, Serbiya isə 1 xalla sonuncu olub.

Beləliklə, mundialın pley-off mərhələsində mübarizə aparacaq komandalar bəlli olub: Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya, İspaniya, Portuqaliya, Koreya Respublikası, Braziliya və İsveçrə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.