CƏMİYYƏT
Murad Hüseynov: Bu günlər tariximizin yeni qəhrəmanlıq səhifələri yazılır
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu gün hər birimiz qürurlu və eyni zamanda məsuliyyətli günlər yaşayırıq. Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və ordumuzun yanındayıq.
Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov deyib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi sentyabrın 27-də xalqa müraciəti zamanı qətiyyətlə bəyan etdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və işğal altındakı torpaqlarımız azad olunacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bu gün hər bir azərbaycanlının hər şey cəbhə üçün, hər şey qələbə üçün şüari ilə yaşamalı olduğunu söyləyən Murad Hüseynov bildirib ki, 20 faiz ərazimizi işğal edən, daima beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmən bu günlər Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab alır. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq. Biz sülhsevər xalq olaraq bu problemin danışıqlar yolu ilə həllinə ümid etsək də amma ermənilər unudublar ki, biz torpaqlarımızı müharibə yolu ilə də azad etməyə qadirik. Bu şərəfli işin öhdəsindən gəlmək üçün dövlətimizin güclü ordusu var.
Düşmən artıq bilir ki, bizə qarşı atdığı hər bir məkrli addım cavabsız qalmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşlərdə qeyd etdiyi kimi bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Bu gün məhz bu fikirlərin davamı olaraq müzəffər ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, şəhidlərimizin qisası alınır. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir: “Bu günlər tariximizin yeni qəhrəmanlıq səhifələri yazılır. Hər saat cəbhədən sevindirici xəbərlər alırıq. Düzdür, müharibə varsa, itki də var. Mülki vətəndaşlarımız, əsgərlərimiz vətən yolunda şəhid olurlar. Bu şərəfli və müqəddəs yoldur. Hər birimiz müsəlləh əsgərik. Ali Baş Komandanın qətiyyətli addımları sayəsində tezliklə torpaqlarımız azad ediləcək . Ən böyük arzumuz Ali Baş Komandanın əmri ilə ordumuzun bayrağımızı Şuşada, Xankəndidə və digər işğal altında olan torpaqlarımızda dalğalandırmasıdır”.