ELM VƏ TƏHSİL
Murat Akkoç: Türkiyə–Azərbaycan qardaşlığı və dostluğu əbədidir
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Murat Akkoç Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonağa rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən rektor Ceyhun Məmmədov Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Aİİ beynəlxalq əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verir. İnstitutda tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Türkiyənin ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirmək məqsədilə Marmara, “29 Mayıs” və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb.
İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edən M.Akkoç Türkiyə–Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb. Ölkəmizə ilk gəlişinin 1993-cü ilə təsadüf etdiyini bildirən qonaq hər iki dövlətin mətbuat orqanları arasındakı münasibətlərdən, Azərbaycanın haqq səsinin TRT televiziyası vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasından danışıb. Qonaq bildirib ki, 20 Yanvar hadisələrinin 29-cu ildönümündə TRT kanalları ənənəsinə sadıq qalaraq, Azərbaycan xalqının bu acısını, eyni zamanda, qürur gününü bütün dünyaya yayımlayıb.
Türkiyəli qonaq institutun kitabxanası ilə tanış olub, kitabxana fondunun zənginliyi onu heyran edib.
Görüşdə birgə layihələrin həyata keçirilməsi, institut haqqında televiziya proqramının hazırlanması qərara alınıb.