SİYASƏT
Murmansk hökumətinin saytında Novruz bayramı haqqında məqalə yerləşdirilmişdir
Murmansk, 22 mart (AZƏRTAC). Murmansk vilayəti hökumətinin rəsmi saytında Novruz bayramına həsr edilmiş məqalə yerləşdirilmişdir. Məqalədə Novruzun tarixindən, adət-ənənələrindən ətraflı söz açılır.
Məqalədə deyilir: “Novruz bəşəriyyətin ən qədim bayramlarından biridir. O, yaz gecə-gündüz bərabərliyi günüdür. Novruz təbiətin oyanışı bayramıdır. Məhəbbət çağı və sadə kəndli əməyinin tərənnümü dövrüdür. Gələcək məhsulun əsası məhz Novruzda qoyulur. Novruzun əsas atributu səmənidir. Səməni bərəkət rəmzidir. Məhsulun necə olacağını səməniyə görə müəyyənləşdirirlər. Səməni yaxşı cücərmişsə, deməli, builki məhsul da bol olacaqdır”.
Məqalədə, həmçinin qeyd olunur ki, Novruz 2009-cu il sentyabrın 30-da dünyanın hər yerindən qeyri-maddi mədəni irs nümunələri ilə yanaşı, UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT martın 21-nin Beynəlxalq Novruz Günü elan olunması barədə qətnamə qəbul etmişdir.
Martın 19-da Murmanskın “Laplandiya” Yaradıcılıq Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir olmuşdur. Tədbiri Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayət bölməsi təşkil etmişdir.