CƏMİYYƏT
Murmansk sakinləri doğma şəhərin yaşıllaşdırılmasında fəal iştirak edirlər
Bakı, 9 sentyabr, AZƏRTAC
Murmanskda “Yaşıl rekord” aksiyası çərçivəsində bu şimal şəhərinin sakinləri 150-dən çox ağac və təqribən 1600 kol əkiblər. Tezliklə alma, tozağacı, quşarmudu, ağcaqayın, yasəmən, itburnu və leyləkotu şəhər bağçalarını, məktəb və uşaq bağçalarının yaxınlığında yerləşən əraziləri bəzəyəcək.
Yeni yaşıllıqlar şəhərin 30 meydançasında salınıb. “Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayət ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi xəbərə görə, “Yaşıl rekord” aksiyası Murmanskda hər il sentyabrın əvvəlində keçirilir.
“Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayət ictimai təşkilatı sədrinin müavini Hüseynalı Hüseynov söhbətində bildirib ki, soydaşlarımız “Yaşıl rekord” aksiyasının ən fəal iştirakçılarından olublar.
“Bu layihə artıq xoş ənənəyə çevrilib. Murmansklılar belə tədbirləri fəal şəkildə dəstəkləyirlər. Cəmi 8 il ərzində 49 min ağac və kol əkilib”, - deyə Murmansk Şəhər Sovetinin deputatı Nataliya Telibayeva qeyd edib.
Aksiyanın daha bir iştirakçısı, Murmansk vilayət Dumasının deputatı German İvanov deyib: “İldən-ilə daha çox şəhər sakini doğma şəhərlərinin yaşıllaşdırılmasında iştirak edir. Fərəhləndirici haldır ki, şəhərə sevgi bütün yaşda olan murmansklılar üçün səciyyəvidir”.