SİYASƏT
Murmansk vilayətinin qubernatoru azərbaycanlıları bayram münasibətilə təbrik edib
Bakı, 25 dekabr, AZƏRTAC
Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru Marina Kovtun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinə və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinə təbrik məktubu göndərib.
Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinin və RAGB yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, vilayət rəhbərinin təbrik məktubunda deyilir: “Sizi və təşkilatınızın kollektivinin hər bir üzvünü Yeni il, Milad bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Yola saldığımız il hər birimizə daim qiymətləndirəcəyimiz və qəlbimizdə yaşadacağımız unudulmaz şəxsi xatirələr bəxş edib. Yeni əlamətdar hadisələri və görüşləri səbirsizliklə gözləyərək, biz məhz bu tarixi məqamları özümüzlə yeni ilə aparırıq. Onlar bizim etibarlı dəstəyimiz və dayağımızdır, bizə ilham, inam və güc verir.
Biz kədərli məqamları geridə buraxır, yaxşı dəyişikliklərin ümidi ilə gələcəyə baxırıq. Qoy gələn il bizim üçün sevinc və xoşbəxtlik hissləri ilə dolu olsun. Bütün arzularınız həyata keçsin. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, evlərinizə rahatlıq və istilik arzulayıram. Yeni – 2019-cu iliniz mübarək olsun!”
Qeyd edək ki, Dövlət Duması və Murmansk vilayət Dumasının deputatları, “Yedinaya Rossiya” partiyasının vilayət şöbəsi, Murmansk vilayətinin İctimai Palatası və digər təşkilatların rəhbərləri, müxtəlif milli-mədəni birliklərin nümayəndələri də Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinə və RAGB yerli nümayəndəliyinə təbrik məktubları ünvanlayıblar.