SİYASƏT
Murmanskda 11 milli-mədəni muxtariyyət və milli-mədəni profilli 14 ictimai qurum qeydiyyata alınmışdır
Bakı, 9 mart (AZƏRTAC). Hazırda Rusiya Federasiyasının Murmansk vilayətində azərbaycanlıların, saamların, belarusların, almanların, tatarların, çuvaşların, yəhudilərin və digər millətlərin nümayəndələrinin 40-dək milli ictimai birliyi fəaliyyət göstərir. Rəsmi olaraq 11 milli-mədəni muxtariyyət və milli-mədəni profilli 14 ictimai qurum qeydiyyata alınmışdır. Qalanları hüquqi qeydiyyat olmadan fəaliyyət göstərir ki, buna da mövcud qanunvericiliklə icazə verilir.
Vilayətin qubernatoru Dmitri Dmitriyenko görüşdə 25 milli-mədəni birliyin, o cümlədən azərbaycanlıların milli-mədəni birliyinin nümayəndələri iştirak etmişlər. Diskussiyalar regionun milli-mədəni ictimai birliklərinin və mili-mədəni muxtariyyətlərinin nümayəndələrini narahat edən ən müxtəlif mövzuları əhatə etmişdir. Xüsusən, tədbirlərin təşkilində dövlətin dəstəyinə nail olmaq, KİV-lərin milli məsələlərə dair konstruktiv mövqeyinin formalaşdırılması, o cümlədən milli-mədəni ictimai birliklərin və milli-mədəni muxtariyyətlərin fəaliyyəti üçün yerlərin ayrılması məsələlərinə toxunulmuşdur.
Söhbət əsnasında bəzən şəhər binalarının üzərində vətəndaşların milli hisslərini təhqir edən sözlərin yazılması probleminə toxunulmuşdur. Belə bir yekdil fikir ifadə olunmuşdur ki, bu məsələdə dırnaqarası rəssamların əməllərinin hamılıqla pislənməsindən və onların cəzalandırılmasından başqa qərar qəbul edilə bilməz. Küçələrdə asayişi qorumağa vilayətdə yaradılmaqda olan qorodovoylar və ya məhəllə nazarətçiləri institutu da yardım göstərə bilər.
Murmansk vilayəti hökuməti yanında Milli İşlər üzrə Məsləhət Şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Dmitri Dmitriyenko ünsiyyətin bu formatını saxlayıb, gələcəkdə belə görüşləri konkret məsələlərin müzakirəsinə həsr etmək təklifini irəli sürmüşdür.
Regionun başçısı demişdir: “Regionumuz bir çox mürəkkəb və çoxşaxəli sosial, siyasi məsələləri həll etməlidir. Bunun üçün isə regionda millətlərarası və konfessiyalararası sülh və həmrəylik olmalıdır”.