Murmanskda Azərbaycan Konstitusiyasına həsr edilmiş sərgi açılmışdır
AzerTAg.az
Bakı, 11 noyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsində Azərbaycan Konstitusiyası Gününə həsr olunmuş sərgi təşkil edilmişdir.
Dünya Azərbaycanlılarının III qurultayının nümayəndəsi, Murmansk Vilayət İctimai Palatasının üzvü Afil Hüseynov tədbirdə çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan Konstitusiyası Günü 1996-cı il fevralın 6-da Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış sərəncama əsasən təsis edilmişdir. O vaxtdan hər il noyabrın 12-si bayram günü kimi qeyd edilir. Respublikanın Əsas Qanunu 1995-cı il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Elə həmin gün müstəqil Azərbaycanın parlamentinə ilk seçkilər keçirilmişdir.
A.Hüseynov bildirmişdir ki, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti iki ildən bir qədər az, 1920-ci il aprelin 28-dək mövcud olmuş və bu müddətdə konstitusiya qəbul etməyə macal tapmamışdır. Ona görə də Azərbaycanda Konstitusiya təsisatının tarixi 1921-ci il mayın 19-dan başlanır. Həmin gün I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş Konstitusiyada şəhər və kənd proletariatının diktaturası təsbit olunmuşdur.
1925-ci ildə IV Ümumazərbaycan Sovetlər Qurultayında respublikanın Əsas Qanununun yeni redaksiyası qəbul edilmişdir. 1921-ci il RSFSR Konstitusiyası nümunəsi əsasında hazırlanmış bu redaksiyada dövlət hakimiyyəti orqanlarında yalnız fəhlə sinfinin rəhbər rolu təsbit olunmuşdur.
1937-ci il martın 10-da IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsi müzakirə edilmiş, elə həmin il martın 14-də qurultay bu layihəni təsdiq etmişdir. Bu Konstitusiyada respublikanın siyasi, tarixi, iqtisadi və milli xüsusiyyətləri öz əksini tapmışdır.
Azərbaycan SSR-in son konstitusiyası 1978-ci il aprelin 21-də doqquzuncu çağırış Ali Sovetin növbədənkənar VII sessiyasında qəbul edilmişdir.
1991-ci ildə Azərbaycan müstəqil dövlət olmuşdur. Bununla əlaqədar tamamilə yeni Əsas Qanun – Konstitusiya qəbul edilməli və o vaxtdan etibarən ölkə həmin qanun üzrə yaşamalı idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xüsusi komissiya yaradılmış və yeni Konstitusiyanın layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ümumxalq referendumunun qərarı ilə bu Konstitusiya qəbul edildi.
“12 noyabr - Azərbaycan Konstitusiyası Günüdür” sərgisi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Sərgidə Azərbaycan və azərbaycanlılar haqqında fotoşəkillərlə yanaşı kitablar, disklər, qəzet və jurnallar da nümayiş etdirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var