SİYASƏT
Murmanskda Azərbaycanın Milli Qurtuluş Günü qeyd ediləcəkdir
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 12-də Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional bölməsi Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirəcəkdir.
Bu bayramın tarixi 1993-cü il iyun ayının 15-də, Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdığı və Azərbaycan Milli Məclisinin sədri seçildiyi gündən başlanır.
1991-1993-cü illərdə Azərbaycanda hakimiyyət böhranı yaranmışdı. Gənc müstəqil respublikada ölkəyə rəhbərlik uğrunda ayrı-ayrı şəxslər və qruplaşmalar arasında mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi ölkəni idarə etməyə əsla qadir olmadığını göstərmiş, ölkədə ictimai-siyasi və hərbi böhran daha da genişlənməyə başlamış, 1993-cü ilin iyun ayında bu böhran öz apogeyinə, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı.
Dövlətimizin taleyi üçün belə bir ümidsiz anda Azərbaycan xalqı yeganə düzgün yol seçdi: Heydər Əliyevi hakimiyyətə çağırdı. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Xalq öz böyük oğlunu sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də isə Azərbaycan xalqı səs çoxluğu ilə Heydər Əliyevi Prezident seçdi.
Tədbirdə “Xalqı yalnız o xilas edə bilərdi...” mövzusunda fotosərgi təqdim ediləcəkdir. Sərginin ekspozisiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nadir fotoşəkilləri vardır.
Tədbir iştirakçıları həm də respublikamız haqqında müxtəlif nəşrlərlə tanış ola biləcəklər.
Tədbirə Rusiyanın və Azərbaycanın dövlət strukturlarının və ictimaiyyətinin nümayəndələri, ali məktəb müəllimləri və tələbələr, Murmansk vilayət qəzet və televiziyasının rəhbərləri dəvət edilmişdir.