SİYASƏT
Murmanskda “Böyük qələbənin salnaməsində bir ailənin tarixçəsi” adlı gecə keçirilib
Bakı, 16 mart, AZƏRTAC
1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində Murmanskda “Böyük qələbənin salnaməsində bir ailənin tarixçəsi” adlı gecə keçirilib. Tədbirin təşkilatçıları Rusiya Federasiyası Murmansk vilayətinin İctimai Təşkilatlarla Əlaqə və Gənclərin İşləri Komitəsi, Gənclərin Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi və Hərbi Xidmətə Hazırlıq üzrə Regional Mərkəzi olub.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət şöbəsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbirdə Böyük Vətən müharibəsi veteranları, məktəblilər, milli-mədəni ictimai birliklərin və Murmansk vilayəti muxtariyyətlərinin nümayəndələri, o cümlədən ÜAK fəalları iştirak ediblər.
Gecədə veteranların xatirələri, ağır müharibə illərində arxa cəbhə həyatını yaşayanların, böyük qələbənin yaxınlaşmasına əlindən gələn köməyi göstərmiş şəxslərin xələflərinin xatirələri dinlənilib, habelə sərgi açılıb.
Milli-mədəni birliklərin və muxtariyyətlərin nümayəndələri bütün xalqın, beynəlmiləl borca sadiq qalan, mehriban ailədə birləşən qardaş respublikaların cəbhəyə necə kömək etdiklərini xatırlayıblar.
Gecənin əsas məqsədləri vətənpərvərlik və beynəlmiləl tərbiyə, gənclərdə fəal vətəndaşlıq mövqeyinin və milli özünüdərkin formalaşması, Vətənin müdafiəsinə hazırlıq, ictimai mənafe və vahid çoxmillətli dövlətə mənsubiyyətlik hisslərinin formalaşması, Böyük Vətən müharibəsində xalqın qəhrəmanlığının iştirakçıların, onların qohum və yaxınlarının xatirəsi əsasında qorunması və gənc nəslə çatdırılması olub.
Qeyd edək ki, tədbiri həmvətənlərimiz Elvira Hüseynova və Firuzə Adilova aparıblar.