SİYASƏT
Murmanskda Milli Qurtuluş Günü və Rusiya Günü qeyd olunub
Bakı, 18 iyun, AZƏRTAC
“Ümumrusiya Azərbaycanlıları Konqresi” (ÜAK) ictimai təşkilatının Murmansk vilayət bölməsi Milli Qurtuluş Gününə və Rusiya Gününə həsr olunmuş tədbir keçirib.
ÜAK-ın Murmansk bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbirdə qəhrəman Murmansk şəhərinin müxtəlif milli mədəniyyətlərinin nümayəndələri iştirak ediblər.
Murmansk Vilayət İctimai Palatasının üzvü, ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynov Qurtuluş Gününün tarixindən bəhs edərək deyib: “1993-cü ildə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətəndaş müharibəsinə gətirib çıxara bilərdi. Yaranmış vəziyyətdən çıxmaq üçün o vaxt hakimiyyətdə olan AXC-Müsavat tandemi son məqamda görkəmli ictimai-siyasi xadim Heydər Əliyevdən kömək istədi. O zaman o, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri idi. Xalqın təkidi ilə ümummilli lider Heydər Əliyev iyunun 9-da təyyarə ilə Bakıya gələrək ölkəni vətəndaş müharibəsindən xilas etmək missiyasını öhdəsinə götürdü. O, özünü təhlükə qarşısında qoyaraq üsyançı hərbi birləşmələrin paytaxta doğru hərəkət etdiyi Gəncə şəhərinə yollandı və danışıqlar nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və beləliklə, Azərbaycanın ən yeni tarixində bu günədək davam edən növbəti uğurlu inkişaf mərhələsi başlandı. 15 iyun günü Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil oldu”.
Tədbirdə həmçinin məlumat verilib ki, 1990-cı il iyunun 12-də RSFSR xalq deputatlarının Birinci qurultayı “RSFSR-ın dövlət suverenliyi haqqında bəyannamə qəbul edib”. O vaxtdan həmin gün istər Rusiya ərazisində, istərsə də onun hüdudlarından kənarda yaşayan milyonlarla insan üçün bayrama çevrilib. 12 iyun 1990-cı il tarixi müstəqillik, azadlıq və qanunun aliliyi prinsiplərinə əsaslanan Rusiya dövlətçiliyinin əsasını qoyub.
Tədbirdə iştirak edən müxtəlif diasporların nümayəndələri Azərbaycan diasporunu, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Bakıda birinci Avropa Oyunlarının açılışı münasibətilə təbrik ediblər. Onlar bildiriblər ki, Azərbaycanın paytaxtında belə əhəmiyyətli yarışların keçirilməsi bütün sahələrdə ölkənin fəal inkişaf etdiyini göstərir. Həmçinin qeyd edilib ki, Murmansk azərbaycanlıları qəhrəman şəhərin həyatında fəal iştirak edirlər.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycan haqqında Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitab və jurnallar, habelə Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın materialları, “Baku” jurnalı, “Azerbaydjanskiy Konqress” qəzeti, Rusiya haqqında kitablar və jurnallar təqdim edilib.