DÜNYA


Murmanskda “Müasir dünyada etnokonfliktologiya” adlı seminar keçirilib

Bakı, 30 mart, AZƏRTAC

Qəhrəman-şəhər Murmanskda millətlərarası və konfessiyalararası münaqişələrin yaranması məsələlərində və onların həlli üsullarında təcrübə səviyyəsinin artırılmasına yönələn “Müasir dünyada etnokonfliktologiya” adlı seminar keçirilib. Seminar iştirakçıları dövlət və bələdiyyə qulluqçuları – Murmansk vilayətinin hər yerindən millətlərarası münasibətlər sahəsində fəaliyyət göstərən mütəxəssislər olublar.

“Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayət ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, tədbiri Rusiya Federasiyası Murmansk vilayətinin daxili siyasət nazirinin müavini Valeri Fedko açıb.

O, müasir dünyada müxtəlif millətlərin nümayəndələri arasında millətlərarası münaqişələrin yaranma səbəblərinin anlaşılmasının vacibliyini qeyd edərək seminar iştirakçılarına səmərəli iş arzulayıb.

Həmyerlimiz, Ryazan mediasiya və hüquq mərkəzinin direktoru, siyasi elmlər namizədi, pedaqoq-psixoloq, RF-nin Ryazan vilayətinin fəxri hüquqşünası, mediasiya və mediativ (vasitəçi) texnologiyalar sahəsi üzrə ekspert Samir Qarayev tədbirin spikeri qismində çıxış edib. Seminarın gedişatında münaqişələrin xüsusiyyəti və onların nizamlanması texnikaları nəzərdən keçirilib, millətlərarası və konfessiyalararası münaqişələrin qarşısının alınması profilaktikasında mediativ təcrübələr və yanaşmalar öyrənilib, münaqişələrin həllinin alternativ üsulu kimi etnomediasiya prinsipləri ilə tanışlıq olub.

Praktik hissə çərçivəsində iştirakçılara münaqişə tərəflərindən birinin rolunu yerinə yetirmək və təcrübədə onun optimal həlli yollarını tapmaq təklif olunub.

Qeyd edək ki, seminarın təşkilatçısı Murmansk vilayəti yerli azsaylı Şimal xalqları və millətlərarası əməkdaşlıq mərkəzi və Murmansk vilayətinin Daxili Siyasət Nazirliyi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.