SİYASƏT
Murmanskda Novruz bayramı qeyd ediləcəkdir
Murmansk, 16 mart (AZƏRTAC). Qəhrəman şəhər Murmansk Novruz bayramını qeyd etməyə hazırlaşır. Təntənəli tədbir martın 18-də “Laplandiya” yaradıcılıq sarayında keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov məlumat vermişdir.
Novruz şənlikləri proqramına tatar, belarus, yəhudi, rus, özbək və s. xalq kollektivlərinin maraqlı çıxışları daxildir. Sərgilər keçiriləcək, Azərbaycan milli yeməkləri təklif ediləcək, suvenirlərin satışı təşkil olunacaqdır. Təşkilatçılar uşaqları da unutmamışlar. Onlar üçün konsert təşkil ediləcəkdir.
Bu il Novruz bayramı şənliklərində Azərbaycandan dəvət edilmiş artistlər çıxış edəcəklər.
Şənliklərə Murmansk vilayəti qubernatoru Dmitri Dmitriyenko, Rusiya Dövlət Dumasının deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri, vilayətin şəhərlərində yaşayan həmvətənlərimiz dəvət olunmuşlar.