QAN YADDAŞI
Murmanskda Qanlı Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib
Bakı, 23 yanvar, AZƏRTAC
“Azərbaycan” Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Murmansk bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayət bölməsi Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü münasibətilə tədbir keçiriblər.
“Azərbaycan” Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Murmansk bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Murmansk vilayət bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, faciənin ildönümü ərəfəsində fəallar tərəfindən stendlər, məqalələr və mətbuat üçün açıqlamalar hazırlanıb.
Tədbirdə çıxış edən “Azərbaycan” Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Murmansk bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Mixail Qorbaçovun göstərişi ilə Bakıda dəhşətli cinayət aktı törədiblər. Şəhərə yeridilmiş zirehli texnika və ordu hissələri əsl qırğın törədib, tanklar insanları əzərək arxalarında yüzlərlə ölü və yaralı buraxıblar. Əsgərlər ən müasir silahlardan istifadə edərək tanklardan, minomyot və avtomat silahlardan insanlara atəş açıblar. Onların evlərin pəncərələrini atəşə tutması nəticəsində bir neçə nəfər öz mənzilində həlak olub. “Zərbə” kod adı daşıyan bu hərbi əməliyyata iki nazir – müdafiə naziri, ordu generalı Yazov və Bakı qırğınından sonra marşal rütbəsi alan daxili işlər naziri Bakatin rəhbərlik ediblər. Bu cinayət nəticəsində 147 nəfər öldürülüb, 744 dinc sakin yaralanıb, 400 insan isə itkin düşüb. 1990-cı il yanvarın 22-də Azərbaycan paytaxtında yaranan Şəhidlər xiyabanında faciənin qurbanları olan müxtəlif xalqların nümayəndələri – azərbaycanlı, rus, yəhudi, tatar, ləzgi, gürcü və başqaları dəfn ediliblər.
Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə mərkəzi hakimiyyət tərəfindən Azərbaycana və onun xalqına qarşı ağır cinayət törədilib. Faciənin kökləri isə Ermənistanın Azərbaycana qarşı iki ildən çox davam edən təcavüzü olub. 1988-1990-cı illərin hadisələrinin təhlili göstərib ki, mərkəzi hakimiyyətin tam dəstəyindən istifadə edən Ermənistan qonşu ölkənin ərazilərinin bir hissəsini ilhaq etmək niyyətində olub.
A.Hüseynov deyib ki, Qorbaçovun hakimiyyətə gəlişindən sonra Sov.İKP Mərkəzi Komitəsində Azərbaycana və xalqımıza qarşı Sovet İttifaqının süqutunu nəzərdə tutan böyük planın tərkib hissəsi olan plan hazırlanıb. Onun həyata keçirilməsi üçün, ilk növbədə, nüfuzlu siyasi fiqur olan Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq lazım idi. 1987-ci ildə Qorbaçov onu istefaya göndərdi və bundan sonra düşünülmüş planın tam miqyasda həyata keçirilməsinə başlanıldı.
Tədbirdə çıxış edən “Azərbaycan” Mədəniyyət Mərkəzi” ictimai təşkilatının Murmansk bölməsinin sədrinin müavini Hüseynəli Hüseynov, RAGB-nin fəalları Elvira Hüseynova, Səbinə Əliyeva, Vüsal İbrahimov və digərləri Azərbaycan xalqının tarixinin bu qanlı səhifəsindən bəhs ediblər. Onlar vurğulayıblar ki, Azərbaycan özünün qəhrəman oğulları və qızları ilə fəxr edir.