Murmanskda müstəqil Azərbaycana həsr edilmiş sərgi açılmışdır
AzerTAg.az
Bakı, 30 sentyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk regional bölməsində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş “Suverenliyin 20 ili” adlı sərgi təşkil edilmişdir.
Murmansk ictimai palatasının üzvü Afil Hüseynov tədbirdə çıxış edərək azərbaycanlıların Rusiyada həyatı barədə məlumat vermişdir.
O, Dünya Azərbaycanlılarının III qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını xatırladaraq demişdir ki, 1993-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında bütün neqativ hallara Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində son qoyulmuşdur. Ölkəmizdə sabitlik bərqərar olmuş, inkişaf dövrü başlanmışdır. Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur. Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir və inkişaf edir.
Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə, dövlətçiliyimizin formalaşdığı ilk illərdə müəyyən edilmişdir. Həmin dövrdə bu təşəbbüslər həlledici əhəmiyyət kəsb edirdi, çünki Azərbaycanın müasir reallıqları məhz həmin dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlərə yönəldilmişdir. İstiqamət isə düzgün seçilişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, “açıq qapı” siyasəti yeritməli, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail olduq. Azərbaycanda demokratik, dünyəvi dövlət quruculuğu da Heydər Əliyev siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf etməkdə olan ölkədir.
“Suverenliyin 20 ili” sərgisi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Sərginin ekspozisiyasında fotoşəkillərlə yanaşı ümummilli lider Heydər Əliyev haqqında, Azərbaycan haqqında kitablar da nümayiş etdirilirdi.
Xəbərin mətnində orfoqrafik səhv var