REGİONLAR


Murov zirvəsində şəhidliyə ucalan qubalı qəhrəman VİDEO

Quba, 26 may, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun Alpan kəndindən olan şəhid Mehdi Murtuzov Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Qəhrəman döyüşçü Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra üç medalla təltif edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonunun Alpan kəndində anadan olub. Ailədə 2 qardaş, 1 bacı olublar. Mehdi Elşad Bayramov adına Alpan kənd tam orta məktəbdə təhsil alıb. Daha sonra Quba Peşə Liseyində rabitəçi-elektrik ixtisasına yiyələnib. 2015-ci ildə hərbi xidmətə yollanan Mehdi Daşkəsən rayonunda yerləşən hərbi hissədə qulluq edib. Tərxis olunduqdan sonra müxtəlif işlərdə çalışsa da, hərb sənətinə olan marağı onu yenidən ordu sıralarına qaytarıb. Mehdi 2020-ci ilin əvvəlindən müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb.

Mehdi Vətən müharibəsinin ilk günündən Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gələn Mehdi sentyabrın 29-da qolundan yaralanıb. Yaralanmasına baxmayaraq döyüşməyə davam edib. Oktyabrın 1-də atası ilə danışan Mehdi yarasının ciddi olmadığını bildirərək, evə Zəfərlə qayıdacaqlarını deyib.

“Mən fəxr edirəm ki, oğlum Vətən torpaqları uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Telefonla danışanda deyirdi ki, heç nədən narahat olmayın. Amma mənə nə isə olsa başını dik tut, mənimlə fəxr et. İndi biz hamımız onunla fəxr edirik”, - şəhidin anası Aynurə Murtuzova söyləyib.

Mehdi Murtuzov oktyabrın 2-də Murovdağ silsiləsindəki yüksəklikləri düşməndən azad edərkən şəhidlik zirvəsinə ucalıb. Qızğın döyüşlər getdiyindən Mehdinin nəşini döyüş yoldaşları ordumuzun şanlı Zəfərindən sonra ərazidən çıxarmağa nail olublar.

Onun nəşi 2020-ci il noyabrın 24-də doğma Alpan kəndində dəfn edilib.

“Mehdi ailəmizin ilk övladıdır. Onun uşaq yaşlarından hərbiyə marağı var idi. Mərd oğul idi. Müharibə başlayanda ilk gündən döyüşlərə qatıldı. Telefonla danışanda əhvalı yaxşı idi. Ağlıma gəlməzdi ki, şəhid olacaq və Mehdinin səsini bir daha eşitməyəcəyəm. Əvvəlcə Mehdinin itkin düşməsi barədə xəbərlər gəldi. Yaşadığına ümid edirdik. Amma 52 gün sonra bildirdilər ki, Mehdi döyüşlərdə qəhrəmancasına şəhid olub”,- şəhidin atası Muxtar Murtuzov bildirib.

Mehdi Murtuzov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Qubanın Alpan kəndi torpaqlarımızın müdafiəsi zamanı 16 şəhid verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.