REGİONLAR


Murovdağ tunelinin tikintisi 2025-ci ilin sonunadək başa çatacaq

Göygöl, 28 iyun, E.Məmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş rayonlarda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunel də bu layihələr arasında xüsusi yer tutur. Hazırda iki çıxış, iki giriş olmaqla, dörd hissədə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Bir istiqamət üzrə iki kilometr, ümumilikdə isə, Murov dağı tuneli üzrə 4 kilometr hissədə qazma, partlatma və ilkin betonlama işləri başa çatıb.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.

O qeyd edib ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun ümumi uzunluğu 56 kilometr, tunellərin ümumi uzunluğu isə 25,2 kilometr təşkil edir. Layihə üzrə 4 tunelin tikintisi, 191 ədəd düzbucaqlı və dairəvi boru olmaqla, su ötürücü boruların inşası, 6 körpünün inşası nəzərdə tutulub.

“Tunel üzrə qazma-partlatma işlərinin 2024-cü ilin axırına tamamlanması planlaşdırılır. Bundan sonra yardımçı tikililərin inşasına başlanacaq. Tuneldə havalandırma, işıqlandırma və digər yol avadanlıqlarının quraşdırılması işləri 2025-ci ilin sonunadək tamamlanacaq”, - deyə mühəndis vurğulayıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.