İQTİSADİYYAT
Musa Pənahov: Son 5 ildə ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatı ödənilmişdir
Bakı, 3 dekabr (AZƏRTAC). Son 5 ildə ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatı ödənilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 3-də Bakıda keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransında nəqliyyat nazirinin müavini Musa Pənahov demişdir.
Bu müddətdə yük daşımalarında orta illik artımın 3,8 faizə, tranzit daşımalarındakı artımın isə 8,6 faizə çatdığını deyən nazir müavini bildirmişdir ki, 5 il ərzində sərnişin daşımalarında orta illik artım 6,1 faizə bərabər olmuş, nəqliyyat sektorunun ölkənin ümumi daxili məhsulunda payı 5,6 faizədək artmışdır.
M.Pənahov qeyd etmişdir ki, ölkə iqtisadiyyatının sürətli inkişafı fonunda beynəlxalq ticarətin həcminin artması nəqliyyat sektorunun da inkişafı və müasirləşdirilməsinə investisiya qoyuluşları üçün münbit şərait yaratmışdır. Əgər 2007-ci ildə respublikamızın nəqliyyat sektoruna yönəldilmiş investisiyaların həcmi 631,4 milyon manat olmuşdusa, bu göstərici ilbəil artırılaraq 2011-ci ildə 2,6 milyard manata çatdırılmışdır. Bu isə ölkə iqtisadiyyatına bütün mənbələrdən yönəldilmiş investisiyaların 21,1 faizini təşkil etmişdir.