SİYASƏT


Musa Qasımlı: Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladıqları bəyanat təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən verilmiş cədvələ uyğun olaraq çıxarılması demək deyil. Bu sənəd daha geniş məna kəsb edərək, Azərbaycan Respublikasının böyük geosiyasi və geoiqtisadi qələbəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, hər şeydən əvvəl, sənədə Prezident İlham Əliyevin təklifi ilə daxil edilmiş 9-cu maddə Azərbaycanın digər ərazilərinin Naxçıvanla kəsilmiş quru (avtomobil, dəmir yolu) əlaqələrinin bərpasını nəzərdə tutur. Bununla, Naxçıvanın blokadasına son qoyulacaq, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Bakı-Naxçıvan-İğdır-Qars-İstanbul dəmir yolu vasitəsilə Türkiyə üzərindən Avropaya çıxa biləcək. İkincisi, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin türk dünyası ilə kəsilmiş quru əlaqələri bərpa olunacaq, Qars-İğdır dəmir yolu Naxçıvana qədər, oradan daha da genişlənərək körfəzə və Mərkəzi Asiyaya qədər uzana bilər. Region ölkələrinin hamısının faydalanacağı və böyük geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edəcək bu yolun fəaliyyətə başlaması nəticəsində Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək. İki böyük ölkə olan Rusiya və Türkiyənin bərabər hərəkət etməsi nəticəsində regionda tərəf olmaq iddiası ilə çıxış edən kənar oyunçuların arzuları boşa çıxır. Beləliklə, biz Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.