ELM VƏ TƏHSİL
Musa Qasımlı: Ölkədə tədqiqat universitetləri yaradılmalıdır
Bakı, 10 noyabr, AZƏRTAC
Təhsil məsələləri həmişə gündəmə gətirilir. Mövzumuz universitetlərimizin beynəlxalq reytinqlərdə yeridir. Beynəlxalq reytinqlər sadəcə bir göstəricidir. O reytinqlərdə niyə olmamağımıza cavab tapmalı və o siyahıya daxil olmaq üçün hansı addımları atmalı olduğumuzu düşünməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, elmi-tədqiqat sahəsində, təhsildə, dərsliklərdə, sosial məsələlərdəki problemlər araşdırılmalıdır.
Universitetlərdə dərslərin interaktiv keçirilməsinin, praktiki vərdişlərin artırılmasının vacib olduğunu vurğulayan deputat ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib: “Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil prosesini çətinləşdirək. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın”.
M.Qasımlı bildirib ki, ölkədə tədqiqat universitetləri yaradılmalıdır.